MƏDƏNİYYƏT


Qalina Vişnevskaya adına I Beynəlxalq Opera Festivalı keçiriləcək

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Sentyabrın 22-dən 25-dək Rusiya Mədəniyyət Nazirliyinin, Krasnodar Diyarının və Soçi Şəhər Administrasiyasının dəstəyilə Qalina Vişnevskaya adına I Beynəlxalq Opera Festivalı keçiriləcək. Festivalın təsisçisi Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzidir.

Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Qalina Vişnevskaya yaşasaydı, oktyabrın 25-də onun 90 yaşı olardı. Yubiley münasibətilə Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər mədəniyyət mərkəzlərində görkəmli ifaçıya həsr edilən tədbirlər keçiriləcək. Soçidəki opera festivalı müvafiq musiqi tədbirləri sırasında ən parlaq səhifə olacaq. Festivalın bədii rəhbəri Olqa Rostropoviçin sözlərinə görə, Soçidə böyük opera bayramının təşkili üçün hər cür şərait, o cümlədən qəşəng meydançalar, gözəl iqlim və başlıcası isə musiqini sevən tamaşaçı auditoriyası var.

Qalina Vişnevskaya adına I Beynəlxalq Opera Festivalının əsas iştirakçıları görkəmli ifaçının adını daşıyan Opera İfaçılığı Mərkəzinin solistləri və orkestridir.

Festivalın açılış mərasimi Krasnaya Polyanada “Roza Xutor” konsert zalında olacaq. Həmin gün Opera İfaçılığı Mərkəzinin orkestrinə Daniel Montane (İspaniya) dirijorluq edəcək. Növbəti günlər festival tədbirləri Qış Teatrında davam etdiriləcək. Festival çərçivəsində, həmçinin Krasnodar diyarının sanatoriya-sağlamlıq düşərgələrinin uşaqları üçün xeyriyyə konserti nəzərdə tutulub. Qış Teatrında Qalina Vişnevskayanın həyat və yaradıcılığına həsr edilən fotosərgi də təqdim ediləcək. Soçidə yeni opera festivalının açılışı Qalina Vişnevskayanın anadan olmasının 90 illik yubileyinin bayram edilməsi ilə yanaşı, indiyədək yüksək opera sənətinin təqdim edilmədiyi Rusiyanın qeyri-rəsmi yay paytaxtının mədəni həyatına yeni rəng qatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.