CƏMİYYƏT
Qalxanabənzər vəz xəstələri ödənişsiz müayinə edilib
Bakı, 27 may, AZƏRTAC
Tiroid xəstəliklərinin vaxtında aşkar edilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Dünya Qalxanabənzər Vəzi Günü ilə əlaqədar ödənişsiz həkim məsləhəti və qalxanabənzər vəzin ultrasəs müayinəsi aparılıb. Ultrasəs müayinəsi radioloqlar və həkim məsləhəti isə I cərrahi xəstəliklər kafedrasının əməkdaşları tərəfindən icra edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gün ərzində 32 xəstə müayinə olunub. Həkim müayinəsindən keçən 2 xəstədə təkrar-residiv düyünlü ur, 15 xəstədə autoimmun tireoidit, 12 xəstədə düyünlü ur aşkar edilib. Müayinədən keçənlərdən 3 nəfəri isə tam sağlam vəziyyətdə olub.
Düyünlü ur aşkar edilən 2 xəstədə ultrasəs müayinəsi zamanı düyünün daha mükəmməl analizi üçün biopsiya aparılandan sonra götürülmüş material sitoloji müayinəyə göndərilib. USM-lə autoimmun tireoiditə uyğun görüntüsü olan xəstələrdən TSH və anti-TPO analizi yoxlanılıb. Diaqnozu təsdiq olunmuş 10 hipotireozlu xəstəyə müalicə təyin edilib və həmin xəstələr poliklinik nəzarətə götürülüb.
Ödənişsiz müayinə tədbirindən istifadə edənlər klinika rəhbərliyinə öz minnətdarlığını bildiriblər.