DÜNYA
Qambiyanın sabiq prezidenti Yayya Camme ölkəni tərk edib
Bakı, 22 yanvar, AZƏRTAC
Qambiyanın seçkilərdə məğlubiyyətə uğramış prezidenti Yayya Camme ölkəni tərk edib.
AZƏRTAC xəbər verir ki, Franse Press agentliyinin məlumatına görə, eks-prezident tanınma nişanları olmayan təyyarə ilə naməlum istiqamətə uçub.
Camme seçkilərdə məğlubiyyətini etiraf etmir və postundan getmək istəmirdi. Bununla əlaqədar qonşu ölkələr Qambiyaya qoşun yeritməyə hazır olduqlarını bildirirdilər.
Cümə günü gecə Seneqal hərbçiləri Cammeni hakimiyyəti seçilmiş prezident Adam Barrouya təhvil verməyə məcbur etmək üçün əməliyyata başlayıb. Bu ərəfədə sabiq prezident bəyan edib ki, hakimiyyətdən könüllü şəkildə getməyi və səlahiyyətlərini yeni prezidentə verməyi qərara alıb .
Yayya Camme 1994-cü ildən prezident idi. O, dekabr ayında keçirilən seçkiləri uduzmuş və nəticələri etibarsız elan etmişdi.