REGİONLAR
Qan axıdılmasını istəməyən Azərbaycan öz haqqını tələb edir VİDEO
Xaçmaz, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizin şimal bölgəsinin sakinləri Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı birləşmələrinin təxribatlarına Milli Ordumuzun tutarlı cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də Quba, Qusar, Xaçmaz və Şabranda keçirilən ümumrayon tədbirlərində xalqımızın Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyi, işğal altında olan torpaqlarımızın son qarışınadək düşməndən azad ediləcəyi günün uzaqda olmadığı vurğulanıb.
İcra strukturlarının, idarə müəssisə və təşkilatların, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, şəhid ailəsi üzvlərinin, ağsaqqalların, ziyalıların, gənclərin iştirak etdiyi yığıncaqlarda cəbhə bölgəsində qəhrəmancasına həlak olan vətən oğullarının xatirəsi yad edilib.
Yığıncaqlarda bildirilib ki, bədnam qonşularımız yenə öz düşmənçilik mövqeyini davam etdirir. Qoşunların təmas xəttində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədərək cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini atəşə tutub. Bu silahlı təxribat nəticəsində hərbçilərimiz və mülki şəxslər həlak olub.
Çıxışlarda Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi bir daha diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan öz haqqını tələb edir və işğal olunmuş torpaqlarını güzəştə getməyəcək. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu barədə danışarkən deyib: “...Çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.”
Qeyd olunub ki, son bir neçə gündə düşmən Azərbaycan əsgərinin əsl gücünü görüb. Yüksək vətənpərvərlik ruhuna köklənmiş hərbçilərimiz verilən tapşırıqların öhdəsindən şərəflə gəlirlər.
Beynəlxalq aləmdə də Azərbaycanın haqq səsinin eşidildiyini deyən natiqlər dünya ölkələrini ədalətli mövqe tutmağa səsləyiblər.
Çıxış edən Qarabağ müharibəsi veteranları, gənclər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Vətən uğrunda mübarizəyə atılmağa hazır olduqlarını bildiriblər.