CƏMİYYƏT
Qan təzyiqini aşağı salan həblər autizmi olan pasiyentlərə kömək edir
Bakı, 6 fevral, AZƏRTAC
Amerikalı mütəxəssislər yüksək qan təzyiqi zamanı istifadə edilən preparatların autizmin müalicəsində, daha doğrusu bu xəstəlikdən əziyyət çəkən uşaqlarda bəzi sosial funksiyaların bərpa olunmasında faydasını aşkar ediblər.
AZƏRTAC dni24.com saytına istinadla xəbər verir ki, mütəxəssislər propranololun bu sahədə faydasını üzə çıxardıqlarını bəyan ediblər. Onlar bildiriblər ki, propranolol autizmi olan uşaqlarda danışıq və qeyri-verbal funksiyaları bərpa etməyə kömək edir. Alimlər təcrübə apararaq autizmi olanlara propranolol veriblər, bəzilərində isə plasebo effekti yaradıblar.
Preparatın qəbulundan bir qədər vaxt keçəndən sonra alimlər uşaqlarla ünsiyyətdə olub və onların danışıq funksiyasını qiymətləndiriblər. Təcrübənin sonunda alimlər bildiriblər ki, autizmi olan uşaqlar propranololu qəbul etdikdən sonra onlarda sosial vərdiş göstəricisi bu dərmanı içməyənlərdən fərqli olaraq yüksəlib.