CƏMİYYƏT
Qan ver, həyat xilas et… VİDEO
Bakı, 15 iyul, G.Mahmudlu, AZƏRTAC
İyulun 15-də Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Park Bulvar” Ticarət Mərkəzində “Qan ver, həyat xilas et” adlı növbəti könüllü və təmənnasız qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada iştirak edən 50-yə yaxın şəxsin 31-dən qan alınıb.
Federasiyanın vitse-prezidenti Fuad Rəsul bildirib ki, yayda havaların isti keçməsi donorların sayına ciddi təsir edib. İrsi xəstəlikdən əziyyət çəkənlərə mütəmadi qan köçürülməlidir və aksiyalar həmin məqsədlə təşkil olunub. O, Azərbaycanda talassemiyadan əziyyət çəkən 1500-dən çox xəstəsinin olduğunu diqqətə çatdıraraq donorlara təşəkkürünü bildirib, hər kəsi belə xeyirxah aksiyalarda fəallıq nümayiş etdirməyə səsləyib.
Qanvermə aksiyaları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına əsasən, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.