CƏMİYYƏT


Qanın köməyi ilə cavanlaşma mümkün deyil

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Cavan adamların qanının yaşlı adamlara köçürülməsi yolu ilə onların cavanlaşmasına həsr olunmuş tədqiqatlar son illər daha da çoxalıb. Alimlər gəmiricilər üzərində tədqiqatlardan insanlar üzərində eksperimentlərə keçir, eyni zamanda qanda hansı cavanlaşdırıcı maddələrin olduğunu da üzə çıxarmağa çalışırlar.

AZƏRTAC “popsci.com” saytına istinadla xəbər verir ki, İrina Konboy başda olmaqla Kaliforniya Universitetindən olan tədqiqatçıların fikrincə, cavan adamın qanının hər hansı möcüzəvi xüsusiyyətləri yoxdur, qoca adamın qanı isə zəhərli ola bilər. Onlar eksperimentin köməyi ilə göstəriblər ki, cavan siçanlardan daha yaşlı siçanlara qan köçürülməsi heyvanların vəziyyətini dəyişməyib. Lakin əks prosedur - qoca gəmiricilərin qanının cavan siçanlara köçürülməsi isə ciddi sağlamlıq problemləri yaradıb. Bu ehtimal etməyə əsas verir ki, yaşlandıqca qanda “qocalma amilləri” toplanır.

2005-ci ildə Konboy və onun həmkarları müxtəlif yaşlı iki siçanın qan-damar sistemlərini birləşdiriblər. Bu prosedur nəticəsində daha yaşlı gəmiricilərdə əzələ toxumasının, qaraciyər, ağciyər toxumalarının və orqanların bərpası müşahidə olunub. Bundan belə nəticə çıxarılıb ki, yaxşılaşma cavan qanın təsiri ilə baş verib.

İndi alimlər hesab edirlər ki, “qoca” qanda hüceyrənin inkişafı və bölünməsi prosesinə mane olan molekullar var. Onlar cavan qanda olan birləşmələrdən daha güclü təsir göstərir. Qanköçürmədən sonra heyvanların vəziyyəti buna görə pisləşib. Tədqiqat müəllifləri eyni təsirə malik birləşmələri müəyyən etməlidirlər. Onları eyniləşdirə bilsələr, 2-ci tip diabet, osteoporoz və immun çatışmazlığı kimi xəstəliklərin müalicəsinə yol aça bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.