CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb
Bakı, 12 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 512 kubmetr olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 353 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 190 kubmetr olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 184 kubmetr təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma, Salyanda 11, Bankədə 15 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 (2016-cı il mayın 12-də 434 sm), Şirvanda 239 , Salyanda 156 (2016-cı il mayın 12-də 277 sm), Bankədə 195 (2016-cı il mayın 12-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetr (2016-cı il mayın 12-də 160 sm) təşkil edir.