CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 7 santimetr azalıb
Bakı, 8 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 50-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mayın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 432 kubmetr olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 407 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 156 kubmetr olmaqla ongünlük normanın 79 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 191 kubmetr təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma qeydə alınıb, Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 (2016-cı il mayın 8-də 433 sm), Şirvanda 205, Salyanda 135 (2016-cı il mayın 8-də 247 sm), Bankədə 167 (2016-cı il mayın 8-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 56 santimetr (2016-cı il mayın 8-də 150 sm) təşkil edir.