CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 9 santimetr azalıb
Bakı, 21 iyul, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, iyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla, ongünlük normanın 44 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 40,5 kubmetr olmaqla, ongünlük normanın 46 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318, Şirvanda 163, Salyanda 77, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 43 santimetr təşkil edir.