İQTİSADİYYAT


“Qanlı Göl” ərazisində yeni istirahət-sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacaq

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda, “Qanlı Göl” adlanan ərazidə salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin başçısının 1-ci müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov bildirib.

“Qanlı Göl” ərazisinin 219 hektar təşkil etdiyini deyən S.İslamov qeyd edib ki, ərazinin cənub və cənub-qərb hissəsində hələ 1996-cı ildə məcburi köçkün ailələri məskunlaşıb. 2014-cü ilin sonlarında Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Badamdar Kempinski” oteli istiqamətində olan ərazidə məskunlaşmış 300-ə yaxın məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin olunublar.

Onun sözlərinə görə, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə qeyd edilən ərazi də daxil olmaqla gələcəkdə burada yeni istirahət-sağlamlıq kompleksi inşa olunacaq və möhtəşəm park salınacaq. Layihə Avropanın tanınmış memarları tərəfindən hazırlanıb.

İcra başçısının müavini həmçinin diqqətə çatdırıb ki, “Qanlı Göl”ün digər şimal və şimal-qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır.

Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur.

Qeyd olunub ki, “Qanlı Göl” adlanan ərazinin şimal və şimal-qərb hissəsində yerləşən 11,6 hektar ərazidə hazırda MİDA tərəfindən inşa olunacaq çoxmənzilli binaların tikintisinə heç bir maneə yoxdur.

Hazırkı vəziyyətdə orada hər hansı bir yaşayış sahələrinin söküntüsünə ehtiyac yoxdur. Lakin növbəti mərhələlərdə layihənin daha geniş ərazidə tətbiqi üçün zərurət yarandıqda bu sahələrin də boşaldılması təmin ediləcək. Ərazidə yerləşən yaşayış evlərinin söküntüsü zamanı uzun illər həmin evlərdə yaşadıqlarını nəzərə alaraq, sənədsiz evlər də daxil olmaqla sahəsinə görə mənzil sahiblərinə dövlət tərəfindən kompensasiyalar ödəniləcək. Ancaq həmin ərazidə yaşayan hər bir vətəndaş bunu bilməlidir ki, təsərrüfat məqsədilə qanunsuz olaraq zəbt olunmuş və çəpərlənmiş torpaq sahələrinə görə heç bir kompensasiya ödənilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.