QAN YADDAŞI


Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bişkekdə də yad olunub

Bişkek, 19 yanvar, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə 20 Yanvar hadisələrini əks etdirən fotosərgiyə baxış keçirilib, iştirakçılara həmin faciə barədə məlumatlar toplusu təqdim edilib, “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş olunub. Sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dua oxunub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsi haqqında məlumat verib, törədilən cinayətin yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu bildirib.

Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun iri kontingenti Bakıya yeridilərək xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalarını tələb edib.

Hidayət Orucov 20 Yanvarın Azərbaycan xalqının tarixində həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını diqqətə çatdırıb. Diplomat deyib ki, 20 Yanvarda Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi, düşmən qarşısında canını verdi, amma əyilmədi.

Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko çıxış edərək bildirib ki, 1990-cı ildə Azərbaycan xalqına qarşı keçmiş SSRİ rəhbərliyi tərəfindən törədilən bu ağır cinayət məhz o rəhbərlərin adına yazılıb. O deyib ki, 20 Yanvarda həlak olanlar şəhidlik zirvəsinə qalxıb və adları əbədi yaşayacaq. Səfir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə barışmadığını, Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təmin edilməsinin vacibliyini vurğulayıb. N.Doroşenko Ukraynanın Azərbaycanı daim dəstəklədiyini qeyd edib.

Sonra çıxış edən Türkiyənin bu ölkədəki səfirliyinin müşaviri Recep Suelif ölkəsinin qardaş Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra da davam edəcəyini bildirib. O, 20 Yanvar hadisələrini törədənlərin gec-tez öz layiqli cəzalarını alacaqlarına ümid etdiyini söyləyib.

Rusiyanın Qırğızıstandakı səfirliyinin müşavir-elçisi Mixail Mzaurelov Mixail Qorbaçovun nəinki azərbaycanlılara, həmçinin gürcülərə, qazaxlara, o cümlədən keçmiş SSRİ-nin digər xalqlarına, habelə ruslara böyük zərbə vurduğunu, onun qanun qarşısında cavab verməli olduğunu vurğulayıb.

Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutunun müəllimi Anar Qasımov, Əməkdar İnşaatçı Əsəd Həsənov, Əməkdar Həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir Qəmərli sovet ordusunun bu vəhşiliklərini pisləyib, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.