QAN YADDAŞI
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Daşkənddəki diasporumuzun üzvləri tərəfindən yad olunub
Daşkənd, 20 yanvar, АZƏRTAC
Daşkənddəki diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Tədbirdə diasporumuzun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RAMMM-in sədri Mobil Məmmədov 27 il bundan əvvəl zirehli texnika və ən müasir silahlarla silahlanmış keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verib, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib. Bildirilib ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, Mixail Qorbaçov başda olmaqla bu faciəni törədən keçmiş SSRİ rəhbərliyini ittiham edib.
Soydaşlarımızdan Yusif Əliyev, İlham Abdullayev, Kamil Kərimov və başqaları xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, ermənilərin qəsbkarlıq siyasətinə qarşı etiraz edən dinc əhaliyə sovet rejimi tərəfındən qanlı divan tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini ittiham ediblər.
Sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd