QAN YADDAŞI
Qanlı Yanvar hadisələrinin SSRİ-nin dağılmasına birbaşa təsiri olub
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərin qəhrəmanlığından danışıb. Bildirilib ki, xalq sovet ordusunun törətdiyi terror aktı ilə bağlı emosiyalarını ilk illər kəskin şəkildə büruzə versə də, bir müddət sonra hadisələrin təhlili ön plana keçib və faciənin başvermə səbəblərinin araşdırılmasına başlanılıb.
Tədbirdə 20 Yanvar hadisələrinin siyasi əhəmiyyətindən də söz açılıb. Vurğulanıb ki, 20 Yanvar hadisələrinin SSRİ-nin dağılmasına birbaşa təsiri olub.
Digər çıxış edənlər 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda, millətin özünəqayıdışı kimi qiymətləndiriblər.