REGİONLAR
Qanlı dərədə ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımızın xatirəsi anılıb VİDEO
Qusar, 3 may, Elxan Yusifli, AZƏRTAC
XX əsrin əvvəllərində Qubada baş vermiş Qanlı dərə faciəsinin 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti və Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mayın 3-də Qanlı dərəyə yürüş təşkil olunub. Yürüş iştirakçıları faciənin yaşandığı əraziyə gələrək, 1918-ci ildə baş verən hadisələrin qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Sonra “Bura Qanlı dərədir” adlı ədəbi-musiqili kompozisiyası təqdim olunub.
Bunun ardınca tədbir iştirakçıları Qusarda “Qanlı dərədə erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidə”ni ziyarət ediblər.
Müdafiə Nazirliyinin Qusarda yerləşən N saylı hərbi hissəsində davam etdirilən anım tədbirində Qanlı dərə faciəsinin tarixi, həmin döyüşlərdə qəhrəmanlıq göstərən yerli sakinlər və erməni təcavüzkarlarının törətdiyi vəhşiliklərdən danışılıb. Bildirilib ki, 1918-ci ildə Quba qəzasında minlərlə azərbaycanlı, ləzgi, tat və digər millətlərin nümayəndələri erməni daşnakları tərəfindən amansızcasına qətlə yetirilib.
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov və başqaları çıxışlarında bədnam qonşularımız olan ermənilərin tarix boyu yurdumuza təcavüzündən söz açıblar.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani ötən ayın əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açaraq, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamını ifadə edib. Bildirilib ki, son döyüşlərdə Lələtəpə yüksəkliyinin düşməndən geri alınması ordumuzun digər işğal olunmuş əraziləri də geri qaytarmaq əzmindən xəbər verir. Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır və düşmənə layiqli cavab verilir.
Anım tədbirində çıxış edənlər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an düşmən tapdağından azad etməyə hazır olduğunu diqqətə çatdırıblar.