ELM VƏ TƏHSİL
Qanun layihələri latviyalı ekspertlərlə birgə müzakirə olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri və Latviyadan olan beynəlxalq ekspert qrupu ilə birlikdə “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” tvinninq layihəsi çərçivəsində hazırlanan qanun layihələrinin müzakirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət İqtisad, Texniki, Kooperasiya universitetinin nümayəndələri də iştirak ediblər.
İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov hazırlanan “Əmək pensiyasının yığım hissəsi haqqında” və “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihələrinin əhəmiyyətini qeyd etməklə yanaşı bildirib ki, onlar indiyədək bir necə qurumda, o cümlədən institutda müzakirə edilib. Bu gün isə İqtisadiyyat İnstitutunda müzakirələr davam etdirilir.
Sonra Latviyadan olan ekspertlər - Latviya tərəfindən tvinninq layihəsinin rezident məsləhətçisi Aqrita Qroza, Latviya Rifah Nazirliyinin sosial sığorta şöbəsinin müdiri Yana Müjnike, Latviya Rifah Nazirliyinin eksperti, SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru Datse Brencena, Maliyyə və Kapital Bazarı Komissiyasının Pensiya və İnvestisiya Fondları sektorunun müdiri Yeva Ose, Latviya Rifah Nazirliyinin nümayəndəsi, qanun layihələrinin hazırlanması üzrə məsul şəxs Harijs Svarcs, tvinninq layihəsinin rezident məsləhətçisinin köməkçisi Rafiks Misirovs qanun layihələri ilə bağlı geniş və əhatəli məlumat veriblər.
Layihələrdə DSMF-yə əlavə funksiyaların verilməsi, onun daha çox inzibati yığımla məşğul olması nəzərdə tutulur. Əsas diqqət isə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının formalaşdırılmasına yönəldilib.
Sonda xarici ekspertlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.