CƏMİYYƏT
Qanunsuz ağac kəsən şəxslər həbs ediliblər
Bakı, 25 iyul, AZƏRTAC
Son illər ətraf mühitin və ekoloji təhlükəsizliyin qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının qəbul olunması, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Bununla belə, bəzi hüquqi və fiziki şəxslər, eləcə də vətəndaşlar tərəfindən ətraf mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Xətai rayonu ərazisində bir qrup şəxs tərəfindən 10 ağacın məhv edilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakinləri Bağırov İlyas İnşallah oğlunun və Behbudov Fuad Natiq oğlunun şəhərin Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək oradakı 10 ağacı xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmələrinə dair əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
İ.Bağırov və F.Behbudov Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.