CƏMİYYƏT
Qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə başlanılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində qanunsuz balıq ovu ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə ETSN və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq balıq ehtiyatlarının qanunsuz ovlanması, satışının qarşısının alınması tamamilə aradan qalxmayıb. Hələ də belə analoji hallara yol verildiyi barədə nazirliyə siqnallar və şikayətlər daxil olmaqdadır. Ona görə də su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb. Komissiyanın tərkibinə nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub. Bununla əlaqədar nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.
Könüllülər ETSN-in “168-Qaynar xətti”nə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər.