CƏMİYYƏT


Qanunsuz balıq ovu ilə əlaqədar reyd keçirilib

Bakı, 7 aprel, AZƏRTAC

Qaradağ və Salyan rayonları ərazisində Şirvan kanalının Salyan şosesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə həvəskar balıqçılar tərəfindən qaldırılan məsələ dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının və ekoloji qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, martın 31-dən aprelin 4-nə qədər Qaradağ və Salyan rayonları ərazisində, Şirvan kanalının Salyan şosesindən Xəzər dənizinə tökülən hissəsinədək olan sahəsində reyd keçirilib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi reyd zamanı su hövzəsində balıqçı torlarının qurulması və balıq ovlanması faktlarına rast gəlinməyib. Lakin Baş Şirvan Kollektorunun sularında bağlanmış vəziyyətdə iki istifadəyə yararsız və bir qismən yararlı taxta qayıq aşkar olunub. Eyni zamanda, balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 30 yerdə suyun axınının qarşısının dəmir zəncir vasitəsilə qismən alındığı müəyyən edilib. Balıq ovu alətləri olan 6 ventil və bir tor yandırılaraq məhv edilib, su axınının qarşısını alan 30 dəmir zəncir kəsilib.

Reyd zamanı dəmir zəncirlərin kəsilməsinə etiraz edən naməlum şəxs tərəfindən nazirlik əməkdaşlarına müqavimət göstərilib, atılan daşla avtomobilin ön hissəsinə zərər yetirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmətinə məlumat verilib və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Baş Şirvan Kollektorunun Qaradağ rayonu ərazisindəki hissəsi ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun istifadəsindədir və bu kollektorlarda qızıl balıqların və nərəkimilərin artırılması sahəsində vətəgə tipli stansiyalar fəaliyyət göstərir. Oradan mövsümə uyğun olaraq dənizdə, kanalda nərəkimi və digər növ törədici ana balıqların tutularaq zavoda təhvil verilməsi məqsədi ilə istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.