CƏMİYYƏT
Qanunsuz işdən çıxarılan 20 nəfər əvvəlki işinə bərpa edilib
Bakı, 26 avqust, AZƏRTAC
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin gecikdirilməsi ifadə olunub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, belə müraciətlər diqqətlə, obyektiv şəkildə araşdırılıb və işəgötürənlər tərəfindən 776 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 95 faizini gecikdirilmiş əmək haqları təşkil edib. Həmçinin 3 faizi gecikdirilmiş sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn tələblər barədə işəgötürənlərə hüquqi izahatlar veriblər.
Ayrı-ayrı vətəndaşların qanunsuz olaraq işdən azad edilmələrinə dair müraciətlər də araşdırılıb. Nəticədə qanunvericiliyin tələblərinə uyğun olmadan 20 nəfərin əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib.