CƏMİYYƏT


Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 Pakistan və 2 İraq vətəndaşı saxlanılıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən avqust ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, ay ərzində 3478 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilib. Onlardan 22-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Həmçinin 2373 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 828 xarici vətəndaşın isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, avqust ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, habelə əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8862 müraciət daxil olub. Müraciətlərin hər biri Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Olduğu yer üzrə qeydiyyatla bağlı 95 min 985 əcnəbinin müraciəti qeydə alınıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Respublikası və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb. Araşdırma zamanı Pakistan vətəndaşlarından Basil Ahmad Zeshanın və Vadvan Ahmadın 5 nəfər Pakistan İslam Respublikası vətəndaşına dələduzluq yolu ilə saxta vizaların düzəldilməsinə cəhd göstərdikləri məlum olub. Azərbaycana ilk dəfə gələn, kompyuter proqramlarının mütəxəssisi olan Basil Ahmad Zeshan saxta viza hazırlanması üçün öz həmvətəni, ölkəmizdə qanunsuz məskunlaşan Vadvan Ahmaddan sifariş alıb və vizaları Bakı Metropolitenin 28 May stansiyasının yaxınlığındakı internet klubda xüsusi proqram vasitəsilə hazırlayıb. Basil Ahmad Zeshan saxta vizaların hazırlanmasında Babar Şahzad adlı digər Pakistan vətəndaşına məxsus elektron vizanın məlumatlarını dəyişməklə istifadə edib.

Digər 7 nəfərin ölkə ərazisinə Pakistan İslam Respublikasının vətəndaşı Sana Ur Rahman tərəfindən aldadılaraq gətirildikləri məlum olub. S.U.Rahmanın 2015-ci il sentyabrın 19-da Azərbaycana daxil olduğu, ali təhsil müəssisəsində əyani təhsil əsasında özünə və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alaraq ölkə ərazisində yaşayışını leqallaşdırdığı, Pakistan İslam Respublikası vətəndaşlarını işə düzəltmək vədləri ilə aldadaraq müəyyən məbləğdə vəsait müqabilində ölkəmizə gətirilmələrini təşkil etdiyi müəyyənləşdirilib. S.U.Rahman həmvətənlərini Bakı şəhərində kirayələdiyi müxtəlif ünvanlarda yerləşdirib.

Eyni zamanda, S.U.Rahman digər Pakistan vətəndaşı Nabeel Anjumu özünün qanunsuz əməllərinə cəlb edib. Nabeel Anjumun Azərbaycana gətirilən Pakistan vətəndaşlarının qarşılanmasını, yerləşdirilməsini, həmçinin müxtəlif vədlərlə aldadaraq onların S.U Rahmana müraciət etmələrini təşkil etdiyi aşkarlanıb. Eyni zamanda N.Anjumun bu il iyunun 25-də ölkə ərazisinə daxil olduğu və iyulun 26-dan isə respublikada qanunsuz yaşadığı müəyyənləşib.

Saxlanılmış digər Pakistan vətəndaşları Şahzada Abu Bakar, Majid Ali, Arslan Ramzan, Adnan Athar, Muhammad Munir, Zahid İmran və Arşad Mahmoodun ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Bununla yanaşı, keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Respublikasının vətəndaşı Ahmed Mohammad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəmizə turist bələdçisi qismində çalışmaq məqsədilə gəlib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləşdirilməsi, bələdçilik və yola salınması xidmətini qeyri-rəsmi olaraq göstərib. Onun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Şakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq həmin şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda davam ediblər.

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 5 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 29 şəxsə səyyar xidmət göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.