CƏMİYYƏT
Qanunsuz odlu silah-sursatın alqı-satqısı ilə məşğul olan şəxslər zərərsizləşdirilib
Bakı, 14 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində “AK” markalı silahı və 17 patronu 2000 manata satarkən tutulub.
Z.Əzimov ilkin ifadəsində odlu silah-sursatı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyini və sataraq gəlir əldə etmək istədiyini bildirib.
Qeyd edək ki, Z.Əzimov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb. Nəticədə Qazax rayon sakini Samir Zülfüqarov “AK” markalı silahı, patron darağını və 11 patronu 1000 manata satarkən tutulub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.