DÜNYA
Qaqauz Yeri başqanının Moldovada prezident seçkiləri üçün planları açıqlanıb
Kişineu, 30 iyul, AZƏRTAC
Qaqauz Yerinin başqanı İrina Vlax diqqətini muxtar ərazi qurumunun başçısının seçkiləri zamanı verdiyi proqram vədlərinin həyata keçirilməsi üzərində cəmləşdirmək niyyətindədir. AZƏRTAC “sputnik.md” portalına istinadla xəbər verir ki, regional liderin bu il oktyabrın 30-na nəzərdə tutulan Moldova prezidenti seçkilərində kimi dəstəkləyəcəyi barədə qərarı seçkiqabağı kampaniyadan əvvəl səsləndirilib.
İrina Vlax Moldova prezidenti vəzifəsinə namizədliyini irəli sürməyəcək. Regionun başçısı buna “Sputnik Moldova” radiostudiyasına məxsusi müsahibəsində işarə edib.
O deyib: “Hesab edirəm ki, bir rəhbər kimi öz seçki proqramımı axıra kimi yerinə yetirməliyəm. Mən insanları heç vaxt aldatmamışam. Vəd etmişəmsə, deməli, proqramı yerinə yetirmək lazımdır”.
Qaqauz yeri başqanı bildirib ki, prezident vəzifəsinə namizədliyini irəli sürmək üçün heç kəs onunla danışıqlar aparmayıb.
İ.Vlax ölkədə öz seçkiqabağı vədlərinin icrasına məsuliyyətlə yanaşan yeni siyasi elitanın formalaşmasını zəruri sayıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu