DÜNYA
Qaqauz Yerinin müəssisələri Türkmənistanı neft platformaları üçün avadanlıqla təchiz etməyə hazırdır
Kİşineu, 20 iyul, AZƏRTAC
Çadır-Lunqa şəhərinin (Qaqauz Yeri Muxtar Ərazi Qurumu, Moldova Respublikası) müəssisəsi Türkmənistanı yeraltı və sualtı qaz kəmərləri, habelə neft platformaları infrastrukturunun antikorroziya müdafiə sistemləri üçün avadanlıqla təchiz etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu “Gagauzinfo.MD” portalına müsahibəsində “Energoexpert” müəssisəsinin baş direktoru Viktor Kirtok bildirib.
O deyib: “Türkmənistana səfərdən sonra perspektivli hesab etdiyimiz yaxşı işgüzar əlaqələr qurduq. Səfər zamanı “Turkmənneftqaztikinti” konserninin prezidenti ilə görüşümüz oldu və indi avadanlığımızın onların müəssisəsinə göndərilməsi imkanları müzakirə olunur”.
Qaqauz biznesmeni qeyd edib ki, söhbət Qaqauz Yerinin Türkmənistanı güclü daimi cərəyan mənbələri üçün güc elektronikası ilə təchiz etməsindən gedir.
V.Kirtok əlavə edib: “Məsələn, söhbət yeraltı və sualtı qaz kəmərləri, habelə neft platformaları və s. infrastrukturunun katod və antikorroziya müdafiə sistemləri üçün avadanlıqdan gedir. Yəni bu avadanlıq torpaqda və suda istənilən metalı qorumaq üçündür”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu