SİYASƏT
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Tbilisidə keçirilən komitə iclası başa çatıb
Tbilisi, 11 aprel, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Tbilisidə keçirilən 48-ci iclası başa çatıb.
Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Əflatun Amaşov Baş Assambleyanın iyul ayında İstanbulda keçiriləcək sessiyasına əsas məruzəçi təyin olunub.
Ə.Amaşov Baş Assambleyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, komitə iclasında əsasən enerji resurslarından səmərəli istifadə, alternativ enerji hasilatı və istifadəsi ilə əlaqəli layihələrin hazırlanması, reallaşdırılması, bioenerjidən istifadədə, bu sahədə beynəlxalq təcrübə və s. məsələlər müzakirə olunub.
Ə.Amaşov iclasda alternativ enerjinin perspektivləri, dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanda alternativ enerjidən istifadə barədə məlumat verib.
Sonra məruzə ətrafında çıxışlar olub, təşkilata üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.
Çıxış edənlər Ə.Amaşovun məruzəsini yüksək qiymətləndiriblər.
Komitə iclasında bir sıra tövsiyə xarakterli qərarlar qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi