İQTİSADİYYAT
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək
Bakı, 26 may, AZƏRTAC
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Bakıda Azərbaycan sahibkarları üçün keçirəcəyi təqdimatda bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat verəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, QDTİB layihələrin orta və uzunmüddətli maliyyələşdirilməsi, korporativ kreditləşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir. Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər.
Qara Dəniz Ticarət və İnkişaf Bankı haqqında əlavə məlumat www.bstdb.org internet səhifəsində yerləşdirilib. Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər.