İQTİSADİYYAT
Qara Qarayev prospektinin bir hissəsinin təmiri yekunlaşıb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Nizami rayonunun Qara Qarayev prospektinin bir hissəsi - prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 metrlik hissəsinin təmiri başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, Ş.Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə bir metr enində yeni yol ayrıcı da inşa olunub.
Hazırda Qara Qarayev prospektinin R.Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Buna görə də prospektin Nəsimi küçəsi ilə kəsişməsindən həmin dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami Rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yolunda da təmir işləri yekunlaşıb. Ş.Mirzəyev və R.Rüstəmov küçələri (Neftçilər metrosu) arasında yerləşən və uzunluğu 750 metr, eni 12 metr olan köməkçi yolda isə təmir işləri davam etdirilir.
Ümumiyyətlə, təmir-tikinti işləri prospektin sonuna qədər (Babək prospektinə kimi) 2 min 850 metrlik hissədə davam etdiriləcək. Prospekt boyunca təqribən 15 min poqonmetrə yaxın yeni səki daşlarının düzülməsi, 90 min kvadratmetrdən artıq ərazinin asfaltlanması, Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, R.Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə birtərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Bildirilib ki, Qara Qarayev prospektində təmir işləri Bakının Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılır. Artıq bu çərçivədə Nizami rayonunda bir-neçə küçədə təmir-tikinti işləri yekunlaşdırılıb, bəzilərində isə işlər hazırda davam etdirilir.