QAN YADDAŞI
Qara Yanvar faciəsi qurbanlarının xatirəsi Tacikistanda anılıb
Düşənbə, 20 yanvar, АZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Tacikistanın dövlət strukturlarının təmsilçiləri, hökumətin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.
Səfirliyin foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, iştirakçılara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanan məlumatlar toplusu paylanılıb.
Əvvəlcə 20 Yanvar hadisələri ilə bağlı sənədli filmlər nümayiş etdirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Abbasəli Həsənov 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakıda dinc əhaliyə qarşı törədilən bu qanlı aksiyanın müəllifi keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun ətrafında olan ermənipərəst qüvvələr olub. M.Qorbaçovun göstərişi ilə sovet ordusu öz silahsız vətəndaşlarına qarşı odlu silah işlədib. Onun hiyləsinin əsas məqsədi 20 Yanvar hadisələrini törədərək Azərbaycan xalqının iradəsini sındırmaq və Dağlıq Qarabağı ermənilərə bağışlamaq olub. Xalq növbəti dəfə Azərbaycan torpaqlarının Ermənistana zorla güzəştə gedilməsinə etirazını bildirmək üçün şəhərin küçə və meydanlarına axışdı, SSRİ rəhbərliyi isə xalqa divan tutdu. Lakin xalqımızın əzmkarlığını, həmrəyliyini, müstəqilliyə olan istəyini əzmək planları baş tutmadı.
Səfir qeyd edib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkənin müstəqilliyini qorumaq, güclü dövlət yaratmaq üçün mühüm tədbirlər görüb və onun siyasi irsinin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlətimizin daha da güclənməsi istiqamətində böyük işlər görülüb və bu istiqamətdə işlər davam edir.
A.Həsənov deyib ki, Azərbaycan bu gün sürətlə inkişaf edir, öz iqtisadi göstəricilərinə görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da imkan verir ki, Azərbaycan hansı yolla olursa-olsun işğal edilmiş torpaqlarını geri qaytarsın.
Qazaxıstanın Tacikistandakı səfiri Nurlan Seytimov 20 Yanvar hadisəsi zamanı Bakıda törədilmiş zorakılıqları pisləyib və bildirib ki, belə qanlı hadisə 1986-cı il dekabrın 16-da Almatıda da törədilib. Mixail Qorbaçovun göstərişi ilə Almatıda 20-dən artıq adam amansızlıqla qətlə yetirilib, çoxsaylı yaralı olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə