REGİONLAR
“Qarabağ Taxıl” MMC: sahələrdən 26 min tondan çox dən üçün qarğıdalı istehsalı proqnozlaşdırılır
Ağcabədi, 28 sentyabr, AZƏRTAC
Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC-nin qarğıdalı sahələrində məhsul yığımı davam edir.
“Qarabağ Taxıl” MMC-dən AZƏRTAC-a bildiriblər ki, cari ilin məhsulu üçün 1995 hektarda qarğıdalı becərilib. Bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə aparıldığından uğurlu nəticə alınıb. Məhsul yığımına kifayət qədər müasir texnika cəlb edilib. Artıq 1380 hektar sahədə biçin aparılıb, 19 min 952 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 144 sentner təşkil edir.
Cari ildə 26 min tondan çox dən üçün qarğıdalı istehsalı proqnozlaşdırılır. Yığılan məhsul yem istehsalında istifadə olunacaq.
Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə yaradılıb. Ərazidə dövlətin əsaslı vəsaiti hesabına kompleks meliorativ tədbirlər həyata keçirilib, yol, suvarma kanalı, elektrik xətləri çəkilib. Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq edilib. 64 ədəd müasir suvarma sistemi - pivot quraşdırılıb, 5 nasosxana, 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa olunub.