İDMAN


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 25 avqust, Elşad Qəzvini, AZƏRTAC

Avqustun 25-də UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” cavab oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Höteborq” (İsveç) komandasını qəbul edib. “Höteborq”a qarşı inamlı futbol nümayış etdirən Ağdam təmsilçisi görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.

“Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana çıxıblar.

İsveç təmsilçisi isə oyuna Con Alvbeyc, Emil Salomonsson, Skott Yamieson, Sebastian Eriksson, Mads Albaek, Soren Riks, Yakop Ankersen, Tobias Hisen, Mikael Boman, Tomas Ronye və Matias Byarsmirdən ibarət heyətlə başlayıb.

Rusiyalı hakim Vladislav Bezborodovun idarə etdiyi matçın ilk dəqiqələrinə Azərbaycan çempionu sürətli hücumlarla başlayıb. Hər iki cinahdan rəqib qapısına hücumlar təşkil edən komandamız qarşılaşmanın 18-ci dəqiqəsində kapitan Rəşad Sadıqov künc zərbəsindən sonra vurduğu qolla hesabı açıb. İlk qoldan bir neçə dəqiqə sonra komandamızın yarımmüdafiəçisi Muarem Muarem növbəti topu rəqibin qapısına vurub. Birinci hissədə komandamızın fərqlənməyə bir neçə imkanı olsa da, tablodakı rəqəmlər dəyişməyib.

Ağdam təmsilçisi ikinci hissəyə də hücumlarla başlayıb. “Qarabağ” 51-ci dəqiqədə rəqibi növbəti dəfə mərkəzə dəvət edib. Dani Kintana Muarem Muaremin gözəl ötürməsindən sonra müdafiəçilərdən və qapıçıdan yayınaraq hesabı 3:0-a çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə “Höteborq” komandasının xeyrinə nəticələnmişdi.

Beləliklə, iki oyunun nəticəsinə görə “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Təmsilçimizin rəqibləri avqustun 26-da keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.