İDMAN
“Qarabağ”–“Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər
Bakı, 26 noyabr, Elşad Qəzvini, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, qonaqlar minimal hesabla qalıb gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Dani Quintana, Əfran İsmayılov, Raydell Pupon və Cavid Tağıyev meydana çıxıblar. “Tottenhem”in heyətində isə Lloris, Trippier, Alderveyreld, Son, Vertongen, Eriksen, H.Keyn, E.Dier, Davies, Alli və R.Mason yer alıblar.
Baş hakim Tasos Sidiropulosun idarə etdiyi oyunun birinci hissəsi maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Müdafiə taktikasına üstünlük verən komandalar qapılar qarşısında elə də təhlükəli vəziyyətlər yaratmayıblar. Yalnız birinci hissənin sonlarına yaxın “Qarabağ” təşəbbüsü ələ keçirib. Amma Dani Quintana yaranmış əlverişli imkanı qola çevirə bilməyib.
Fasilədən sonra oyun qarşılıqlı hücumlarla davam edib. Hissənin əvvəllərində komandamız qol vəziyyəti yaratsa da, bundan istifadə edə bilməyib. Qonaqların da iki zərbəsi qapı tirinə və dirəyə dəyib. Nəhayət, londonlular 78-ci dəqiqədə Herri Keynin başı ilə vurduğu qolla hesabda irəli çıxıblar - 0:1. Oyun bu hesabla da başa çatıb.
Hazırda “J” qrupunda yer alan “Qarabağ” komandasının beş oyundan sonra 4 xalı var. Həmyerlilərimiz qrupda sonuncu sırada qərarlaşsa da, növbəti mərhələyə adlamaq imkanını nəzəri cəhətdən hələ itirməyib.
“Tottenhem” isə bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq qrupda liderliyini möhkəmləndirib və növbəti mərhələyə vəsiqəni təmin edib. Qrupdakı digər oyun Fransada “Monako” və Belçikanın “Anderlext” komandaları arasında keçirilib. Bu görüş də qonaqların xeyrinə başa çatıb - 0:2. Beləliklə, 7 xal toplayan “Anderlext” qrupda ikinci pilləyə yüksəlib. “Monako” isə 6 xalla üçüncü yerdədir.
Xatırladaq ki, qrupda son oyunlar dekabrın 10-da keçiriləcək. “Qarabağ” Belçikada “Anderlext” komandası ilə qarşılaşacaq.