MƏDƏNİYYƏT
Qarabağ bölgəsi ilk dəfə “AITF-2015” sərgisində VİDEO
Bakı, 4 aprel, Abdulla Suvar, AZƏRTAC
Dünyanın 42 ölkəsindən 371 şirkət və təşkilatın iştirak etdiyi “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində yerli turizm şirkətləri ilə yanaşı, Azərbaycanın bir sıra bölgələri də yaxından iştirak edir. Sərgiyə ilk dəfə olaraq Qarabağ bölgəsi də qoşulub. Sərgidə bölgəni təmsil edən Şuşa, Ağdam, Bərdə və Füzuli rayonlarına məxsus zəngin ekspozisiya ziyarətçilərin ixtiyarına verilib. Sərgidə əsasən Qarabağın qədim adət-ənənələri, folklor nümunələri, bənzərsiz sənət inciləri təqdim olunub. Həmçinin işğal altında olan torpaqlarımızda erməni quldurları tərəfindən məhv edilən tarixi abidələrimizlə bağlı məlumatlar da öz əksini tapıb.
AZƏRTAC-a eksklüziv müsahibəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağdam rayon komitəsinin sədri Cahangir Talıbov deyib ki, Qarabağ bölgəsi adı altında təqdim olunan sərgi ziyarətçilərin maraq dairəsindədir. Ona görə ki, bizim ekspozisiyada muğamlarımız, bəstəkar və xalq mahnılarımız canlı olaraq səsləndirilir, sənətkarlarımız tərəfindən milli musiqi alətlərimizin hazırlanması nümayiş olunur və ziyarətçilərə bölgənin şirniyyatları təqdim edilir.
C.Talıbov deyib ki, hər bir ziyarətçiyə Qarabağ haqqında geniş məlumat verilir. Biz çalışırıq ki, bu sərgi vasitəsi ilə həm də, Azərbaycanın haqq işini dünyaya çatdıraq. Bundan sonra da bu sərgilərdə yaxından iştirak etmək niyyətindəyik.
Sərgidə həmçinin ziyarətçilərə “Azərbaycanın tarixi turları: Beş dövrün-beş paytaxtı” adlı tur-paketlər də təqdim olunur.