REGİONLAR
Qarabağ bölgəsinin zəka sahibləri şahmat turnirində qarşılaşıblar
Beyləqan, 11 yanvar, AZƏRTAC
Beyləqan rayon şahmat məktəbində keçirilən şahmat turnirində Qarabağ bölgəsini əhatə edən 5 komanda iştirak edib.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində təşkil olunub.
Turnirin açılışında çıxış edən “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Əlli şahmatçının mübarizə apardığı yarışın sonunda qaliblərə kubok və diplomlar təqdim olunub.