İDMAN


“Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

Bakı, 18 iyul, AZƏRTAC

Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, iyulun 18-də turnirin ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində Ağdam təmsilçisi səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşıb.

Boris Payçadze adına stadionda keçirilən oyunun 22-ci dəqiqəsində Ağdam təmsilçisi hesabı açıb. Donald Qerye topu meydan sahiblərinin qapısından keçirib. Birinci hissənin sonrakı dəqiqələrinin də komandamızın üstünlüyü ilə keçməsinə baxmayaraq, hesab dəyişməyib. Matçın ilk hissəsini “Qarabağ” 1:0 hesabı ilə öz xeyrinə başa vurub.

Görüşün ikinci hissəsi də “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Komandaların cəhdlərinə baxmayaraq tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, matç Azərbaycan çempionunun minimal qələbəsi ilə başa çatıb – 1:0. Bir həftə əvvəl Bakıda təşkil olunan ilk oyun da "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 5:0. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Çempionumuz rəqib meydanında bu qələbəsi ilə Azərbaycanın hesabına daha 0,250 xal əlavə edib.

Azərbaycan çempionu təsnifat mərhələsinin növbəti turunda “Şerif” (Moldova)–“Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.