İDMAN


“Qarabağ” komandasının Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”i yaxından tanıyaq

Bakı, 4 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

AZƏRTAC Azərbaycanın turnirdəki təmsilçisinin rəqibi haqda məlumatı təqdim edir. “Kopenhagen” Danimarkanın ən titullu klubudur. 12 dəfə Danimarka superliqasının qızıl medalını qazanan rəqibimiz səkkiz dəfə ölkə kubokunun, üç dəfə isə Danimarka superkubokunun qalibi olub. Rəqibimiz avrokubokların qrup mərhələsində ən çox iştirak edən Danimarka klubudur.

Belə ki, “Kopenhagen” dörd dəfə Çempionlar Liqasının, altı dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

2010/2011-ci illər mövsümündə “Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın onaltıdabir finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğurunu əldə edib. UEFA klubların reytinq cədvəlində rəqibimiz Skandinaviya ölkələri arasında ən yüksək xala malikdir.

“Kopenhagen” ev oyunlarını 38 minlik “Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində 12 legioner çıxış edir. Komandanın baş məşqçisi Stale Solbakkendir. Klubun prezidenti isə Bo Riqarddır.

Bu il Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan “Kopenhagen” Slovakiyanın “Jilina” (3:1, 1:2), daha sonra isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klublarını mübarizədən kənarlaşdıraraq pley-off raunduna yüksəlib.

Xatırladaq ki, “Qarabağ”ın “Kopenhagen”lə ilk oyunu avqustun 15-16-da Bakıda, cavab qarşılaşması isə avqustda 22-23-də səfərdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.