CƏMİYYƏT
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri dövlət qayğısını yüksək qiymətləndirirlər
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Nizami rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş olub.
Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
“Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev isə dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb. Məlumat verilib ki, ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Vurğulanıb ki, bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Qeyd edilib ki, bu gün həmin siyasət yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov isə öz çıxışında bildirib ki, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.
Sonra çıxış edən müharibə əlilləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Tədbirin sonunda “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin üzvlərinə yeni döş nişanları və vəsiqələr təqdim edilib.