CƏMİYYƏT


Qarabağ müharibəsi veteranları döyüşə daim hazırdırlar

A+ A

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində müharibə veteranlarının rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında həqiqi hərbi xidmətin əvəzedilməz rolu olduğunu vurğulayıb. “Hərb tariximizdə baş vermiş döyüş əməliyyatlarında hərbçilərimiz böyük qəhrəmanlıq göstəriblər. Qarabağ müharibəsi veteranlarının ön cəbhədə olması əsgərlərimizdə ruh yüksəkliyinin artırılması, düşmənin hiyləgər və məkrli planlarının qarşısının alınması, döyüşlərdə itkilərimizin sayının minimuma endirilməsi baxımından mühüm rol oynayır. Aprel döyüşlərində Azərbaycan əsgərləri düşmənə sarsıdıcı cavab zərbəsi endirərək xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifə yazmaqla yanaşı, Ordumuzun hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Biz veteranlar ümummilli lider Heydər Əliyevin ideyalarına, xalqa, dövlətə, Prezidentə sadiqliyimizi bir daha ifadə edərək, torpaqlarımızın azad olunması uğrunda Ali Baş Komandanın istənilən əmrinə hazır olduğumuzu bildiririk”, - deyə Ə.Qənizadə qeyd edib.

Sonra Qarabağ müharibəsi veteranlarının bir qrupunun ön cəbhəyə səfərlərini əks etdirən videoçarx nümayiş olunub.

Digər çıxışlarda da istər gənclərimiz arasında hərbi vətənpərvərlik hissinin, istərsə də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsində müharibə veteranlarının rolu xüsusi vurğulanıb. Bu baxımdan belə tədbirlərin mütəmadi qaydada təşkil olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda Qarabağ müharibəsi veteranlarının bir qrupuna fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.