Qarabağ müharibəsindən bəhs edən “Döyüşən şəhər” sənədli filminin təqdimatı olub
Mingəçevir, 21 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Turizm Kollecində “Mingəçevir” qəzetinin əməkdaşı, fotomüxbir İslam Şirinovun əsərləri əsasında ərsəyə gəlmiş “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimi keçirilib. Filmdə müəllifin Qarabağ müharibəsində çəkdiyi fotoşəkillər, dəyərli materiallar və arxiv sənədləri öz əksini tapıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov filmlə ilkin tanışlıq zamanı zəngin təəssüratlar aldığını qeyd edib. O, filmi yüksək qiymətləndirdiyini bildirib: “Qarabağ məsələsi xalqımızın yaralı yeridir. İndiyədək bu mövzuya dəfələrlə toxunulub və gələcəkdə də saysız-hesabsız sənət nümunələrinin ortaya çıxacağına şübhəmiz yoxdur. Amma bu filmin ssenarisi tamamilə yeni üslubda düşünülüb və lentə alınıb, süjet xətti özünəməxsusluğu ilə diqqəti cəlb edir. Üstəlik burada hadisələrə kompleks yanaşma tərzi mövcuddur. Belə ki, Qarabağ münaqişəsi, mingəçevirlilərin bu hadisələrdə fəal iştirakı, torpaqlarımızın müdafiəsində göstərdiyi fədakarlıq, hətta arxa cəbhədə Mingəçevir sakinlərinin vətənpərvər davranışları və ümumən dövrün ictimai-siyasi axarı dolğun şəkildə öz əksini tapıb”.
Sonra “Mingəçevir” qəzetinin redaktoru Mirsədi Daşdəmirov filmin çəkiliş prosesi ilə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxış edən müəllif İslam Şirinov filmdə istifadə olunan fotolardan, eləcə də vaxtilə rastlaşdığı hadisələrdən, Azərbaycan əsgərinin qəhrəmanlığından, mingəçevirli igidlərin döyüşlərdə göstərdiyi şücaətdən söz açıb.
Sonda “Döyüşən şəhər” sənədli filminə baxış keçirilib.