MƏDƏNİYYƏT
Qarabağ münaqişəsi nəticəsində maddi-mədəni irsin məhv edilməsi ilə bağlı konfrans keçirilib
Bakı, 26 may, AZƏRTAC
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi (İB) tərəfindən gənclərin iştirakı ilə “Qarabağ münaqişəsi nəticəsində maddi-mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirə Nərimanov Rayon Gənclər və İdman İdarəsi də təşkilati dəstəyi verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri, İB-nin sədri Nail Şükürov konfransın keçirilməsində əsas məqsədin işğal altında olan Qarabağın maddi–mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələrlə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ edilməsi, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında rolunun artırılması olduğunu söyləyib.
Konfrans çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi-mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məruzələr edilib, müzakirələr aparılıb. Çıxış edən məruzəçilər diqqətə çatdırıblar ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalereyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 min sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, 50 min ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla kurqanın, insan məskənlərinin, qəbiristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub. İlkin hesablamalara görə Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir.
Konfransda həmçinin vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunub ki, ermənilərin bu hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurslarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır.
Konfransın əsas nəticələrindən biri də o olacaq ki, Qarabağın maddi–mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktlarının təbliğində dövlət qurumları, vətəndaş cəmiyyəti və elmi müəssisələrin birgə əməkdaşlıq səyləri artacaq.
Konfrans zamanı “Qafqaz Albaniyası- gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Konfrans iştirakçılarına müxtəlif çap məhsulları təqdim edilib.