REGİONLAR
Qarabağ təkcə buradan köçkün düşmüş insanların deyil, bütün türk dünyasının nisgilidir
Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastroenteroloji Birliyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransının ikinci günü “Qarabağ: tarixi, bu günü və problemləri” mövzusuna həsr olunmuşdu.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə “Ya Qarabağ, ya ölüm” və Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı hazırlanmış “Həqiqətin böyüyü” filmləri nümayiş olundu.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, konfransın Qarabağda, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə keçirilməsinin əhəmiyyəti böyükdür. Qarabağ təkcə buradan köçkün düşmüş insanların deyil, bütün türk dünyasının nisgilidir.
Türk Gastroenteroloji Birliyinin sədri professor Ali Özden bildirdi ki, türk dövlətlərinin problemlərinin həlli üçün ilk növbədə dildə, fikirdə, işdə birlik olmalı, təhsilə xüsusi fikir verilməlidir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva konfransda çıxış edərək, qədim Azərbaycan torpağı olan Qarabağın zəngin tarixindən danışdılar. Çıxışlarda, həmçinin Qarabağ xanlığının yaranmasından, XIX əsrin birinci yarısından başlayaraq çar Rusiyası tərəfindən bu bölgədə məskunlaşdırılan ermənilərin XX əsrdə baş qaldıran ərazi iddialarından, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsinin və ətraf rayonların işğal edilməsindən söhbət açıldı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan tezliklə azad ediləcəyinə əminlik ifadə olundu.
Tədbirdə Türkiyədən gəlmiş alim və həkimlərə xatirə hədiyyələri təqdim edildi.