İDMAN
“Qarabağ” uduzsa da ümid verdi ki, “Qarabağ bizimdir, bizim də olacaq!”
Ağdam komandası azarkeşlərinin bu şüarı ölkə üçün son dərəcə mühüm məqsədlərin həyata keçirilməsinə kömək göstərən, müxtəlif nəsillərdən olan, müxtəlif baxışlı insanları, gərgin iş sayəsində, xüsusi piar-kampaniya olmadan qarşıya qoyulmuş məsələlərin həllinə nail olmağın mümkünlüyünə inanan insanları öz ətrafında birləşdirən çoxvektorlu anlayışa çevrilir.
Azərbaycan torpaqlarının işğalından sonra Qarabağ xalqımızı birləşdirən rəmzə çevrilib. Azadlıq mübarizəsində əsas şüar “Qarabağ bizimdir, bizim də olacaq!” şüarı olub və olaraq qalır.
“Qarabağ” futbol klubu fəaliyyət göstərdiyi qısa müddət ərzində bütün ölkənin komandasına çevrilib. Əlbəttə, flaqman “Neftçi” adlandırılır və tanınmış klub bu titulu həmişə daşıyacaq, amma razılaşın ki, Ağdam klubu ölkənin ümummilli klubuna çevrilib. O, təkcə idman ənənələrini deyil, çox şeyi qoruyub saxlayır. Bir neçə misal göstərək. Bu klubda heç bir münaqişə yoxdur, məşqçilərlə və oyunçularla bağlı anlaşılmazlıqlar olmur. İdman həvəskarlarının yaxşı yadındadır: vaxtilə “Neftçi”nin məşqçisi Qurban Qurbanov öz məşqçilik potensialını tam realizə edə bilmədikdə sakitcə komandadan uzaqlaşıb getdi, “neftçilərin” məşqçilərinin yerdəyişməsi isə uzun müddət davam etdi. Yəqin ki, o zaman Q.Qurbanovun yaxşı komanda formalaşdırmaq planları vardı. “Neftçi”də bu planlar baş tutmadı və Qurban sakitcə başqa kluba getdi. O zaman “Qarabağ”ın baş məşqçisinin hansı məqsədləri olduğunu deyə bilmərəm, amma o, bir məqsədinə dəqiq çata bildi: klub Azərbaycanın sevimli kollektivinə çevrildi.
Ağdam klubunun son məğlubiyyəti üzərində çox dayanmaq istəmirəm, hamı bu oyuna baxıb, məşqçi özü də, oyunçular da bu oyunun obyektiv qiymətini veriblər.
Avropa Liqasının dörd turu arxada qalıb. “Qarabağ” dörd xal ilə 2-4-cü yerləri bölüşür. Bu, artıq nailiyyətdir. Bu klubun göstəriciləri son 6 ildə Dünya və Avropa çempionatlarının seçmə qrup turnirlərində yığma komandanın çıxışı ilə müqayisə olunarsa, demək olar ki, 4 turdan sonra başlıca komanda üçün tsikl əsasən başa çatıb və biz digər yığma komandalar üçün seyrçiyə çevrilmişik. Bu seçmə dövrədə heç bir xal qazanılmaması bunu təsdiqləyən daha bir sübutdur.
Ağdam klubu bizə ümid verdi – qrup turnirinin son turunadək doğma klubumuz üçün həyəcan keçirmək ümidi. İndi biz seyrçi deyilik. Avropa Liqasının növbəti mərhələsində kimin mübarizəni davam etdirəcəyi klubumuzun oyunundan və nəticəsindən asılıdır. Noyabrın 6-da tribunalarda 30 mindən çox azarkeş, televiziya ekranları qarşısında əyləşmiş milyonlarla tamaşaçı, xaricdə yaşayan həmvətənlərimiz “Qarabağ”ımıza azarkeşlik edirdi. Yəqin ki, çoxları mənimlə razılaşar ki, “Qarabağ” onları pis vəziyyətdə qoymadı, axıradək mübarizə apardı. Oyunun uğursuzluqla nəticələnəcəyini görən tamaşaçıların final fiti verilməmiş stadionu tərk edib getməsi kimi cansıxıcı mənzərə olmadı.
Ümid verdiyinə görə çox sağ ol, “Qarabağ”!
Ziyadxan Həsənov
AZƏRTAC-ın müxbiri