CƏMİYYƏT
“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində noyabrın 8-də seminar–müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının binasında keçirilən tədbirdə çıxış edən bu qurumun sədr müavini Cəlil Xəlilov layihənin məqsədindən, icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, eyni zamanda, bu ilin aprelində şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir.
Diqqətə çatdırılıb ki, layihə gənclərimizə xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan şəxslərin şərəfli həyat yolunun daha yaxından tanıdılması, xalqa, dövlətə sədaqət, tariximizə hörmət ruhunun aşılanması, onların arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının işinə dəstək verilməsini nəzərdə tutur. Vurğulanıb ki, tədbirin məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı görülən işlərdə yaxından iştirak etmək, dövlət gənclər siyasətinin icrasına töhfə vermək, gənc nəsil üçün hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş maarifləndirmə işi aparmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini yeniyetmə və gənclərə çatdırmaqdır.
Tədbirdə xalqımıza qələbə sevinci yaşadan aprel döyüşləri qəhrəmanlarının igidliklərindən söhbət açılıb. Həmin döyüşlərin dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdiyi bildirilib.
Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, fəal gənclər, müvafiq dövlət və ictimai qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun yaxınları iştirak ediblər.
Sonda bir neçə şəhid ailəsinə maddi yardım göstərilib.
Seminar-müşavirə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan filmin nümayişi ilə başa çatıb.