CƏMİYYƏT
Qarabağ xalçaçılıq məktəbinin özünəməxsusluğu təbliğ olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə VIII qrant müsabiqəsi çərçivəsində qalib seçilən “Al-Əlvan Qarabağ” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Virtual Qarabağ İKT Mərkəzinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Sağlam Düşüncə” Gənclər Təşkilatının, IB Club Gənclərin İnkişaf Mərkəzinin və “Park Bulvar” AVM-in tərəfdaşlığı ilə həyata keçirilən layihənin rəhbəri Güllü Atakişiyeva açılış mərasimində bu təşəbbüsün mövzusu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin özünəməxsusluğunu rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.
Sonra tədbir çərçivəsində “Zəka” Gənclər Mərkəzində fəaliyyət göstərən Müasir İncəsənət Qalereyasında şüşə üzərində Qarabağ xalçaları təsvir olunan 25 rəsm əsəri nümayiş etdirilib. Sərgidə münsiflərin səsverməsi nəticəsində qaliblər müəyyənləşib. Qaliblərin adları layihə çərçivəsində keçiriləcək növbəti sərgidə açıqlanacaq.
Sonda sərgiyə təqdim olunan əsərlərin müəllifləri sertifikatlarla təltif edilib.