ELM VƏ TƏHSİL


Qarabağ xanlığında kəsilmiş ən qədim metal pul  1787-ci il tarixi ilə qeydə alınıb

Bakı, 8 iyun, AZƏRTAC 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ərazisində aşkarlanan daş dövrünün qədim yaşayış yerləri, tunc dövrünün yaşayış məskənləri, antik, orta əsrlərə aid nadir artefaklar ölkəmizin tarixinin zəngin səhifələrini təşkil edir. Maddi mədəniyyət tariximizin tərkib hissələrindən biri də Azərbaycan ərazisində aşkar edilən numizmatik materiallardır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi-nəzəri seminarında tarix elmləri doktoru Əsədulla Cəfərov deyib. “Qarabağ xanlığı Azərbaycan dövlətçilik şüurunun tarixi təzahür forması idi və numizmatik material bunu sübut edir. Hələ sovetlər dönəmində Qarabağ ərazisində mərhum Məmmədəli Hüseynovla birgə apardığımız tədqiqatlar zamanı antik və erkən orta əsrlərə məxsus memarlıq abidələrinin qalıqları ilə də üzləşmişdik. İnanırıq ki, torpaqlarımız azad olunduqdan sonra həmin abidələr onların əsl sahibi olan Azərbaycan xalqının alimləri tərəfindən tədqiq ediləcək”, - deyə Ə.Cəfərov bildirib.

Seminarda yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçiliyin atributu olan pulların mədəni və siyasi tariximizdə xüsusi yer tutduğu vurğulanıb. İnstitutun numizmatika şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Qarabağ ərazisində antik dövrdən etibarən formalaşmış tarixi dövlətlər və onların pul dövriyyəsi barədə məlumat verib. Qeyd edib ki, Qarabağ xanlığının ilk dövrünə aid sikkə zərbi barədə məlumat yoxdur. Görünür, bu, bölgədəki gərgin siyasi-hərbi durumla bağlı olub. Bu dövrdə arealda əvvəlki Səfəvi, Əfşar, Zəndi və digər qonşu xanlıqların pulları işlədilirdi. İlk Qarabağ xanlığı sikkələri “Pənahabad” adlandırılan Şuşa qalasında zərb edilib. Dünya numizmatik ədəbiyyatında bu gümüş sikkələr “pənahabadi” adı ilə tanınır. Pullar xarici görünüşünə görə Osmanlı sultanı sikkələrinə oxşayırdı. Metal pulların avers tərəfində xanın tuğrası (herbi) zərb edilirdi. Qarabağ xanlığında gümüş pullardan iki növ “pənahabadi”, bir növ “sahibkiran”, mis pullardan iki növ “fulus” və bir növ “bisti” dövriyyədə olub.

Qarabağ xanlığının Şuşa zərbxanasında kəsilmiş ən qədim metal pul 1787-ci il tarixi ilə qeydə alınıb. Qarabağ xanlığının Rusiya tərəfindən işğalı dövründə zərb edilmiş ən son sikkələri 1822-ci ilə təsadüf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.