CƏMİYYƏT


Qarabağın təbii sərvətləri belə talan edilir və ya bilmədiyimiz həqiqətlər...

Bakı, 2 avqust, AZƏRTAC

Qarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edir. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edirlər. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır. Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir. AZƏRTAC AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılovun bununla bağlı qeydlərini təqdim edir.

Bu barədə Rusiyanın “Sekret Firma” jurnalının xüsusi müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bizim bilmədiyimiz bir çox gizli məqamlara aydınlıq gətirib. Jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanı yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirdi. Çünki Ermənistanın işğalı altındakı Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Məhz bu səbəbdən Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan xaricdən ağır yük təyyarələri endirilə bilməzdi, çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur.

Jurnalın yazdığına görə, işğal dövrü Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı 1990-cı illərlə müqayisədə 1,5 dəfə artaraq 50 milyon ABŞ dollarından 120 milyon ABŞ dollarına yüksəlib. Elektrik enerjisi 75 milyon kilovat saatdan 300 milyon kilovat saata çatdırılıb. 2008-ci ildən 2015–ci ilədək Qarabağa qoyulan xarici investisiya beş dəfə artaraq 200 milyon ABŞ dolları olub.

Əldə olunan məlumatlara görə, Qarabağla İran arasında ciddi işgüzar bağlantılar var. İran qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanımadığına görə, bütün bağlantılar İrəvan vasitəsilə qurulur. Qarabağdan İrana ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyatdan keçirilir və bundan sonra İrana göndərilir. Lakin ermənilər Qarabağdan İrana satılan bütün malların üzərində “Made in Artsakh” sözləri yazırlar. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə daxil olur və burada yükdaşımaları ilə məşğul olurlar.

Qarabağ probleminin həlli uzandıqca Ermənistanı nəzarəti altında bu ərazilərin təbii sərvətləri böyük acgözlüklə planlı şəkildə talan edilməsi daha da sürətlənir və genişlənir. 1993-cü ildə bağlanan Bişkek Protokolundan sonra bu ərazilərdə Ermənistanın təcavüzkar siyasəti daha da gücləndi. Lakin, Ermənistanın ciddi cəhdlərinə baxmayaraq Qarabağda yaşayan sadə ermənilər, Azərbaycan və Ermənistan arasında Qarabağ probleminin həllinin müharibəsiz bitəcəyinə əmin deyillər. Sadə ermənilərin içərisində bir ümidsizlik hökm sürür.

Qarabağda yaradılan kənd təsərrüfatı müəssisələrindən ən böyüyü “Karabakh Gold”dur. Müəssisənin rəhbəri Araik Arturyandır. Müəssisə yarandığı ilk günlərdən çaxır və konyak istehsalına başladı. Sonralar heyvandarlıq və taxılçılıqla da məşğul olmağa başladı. Müəssisənin rəhbərliyi aztəminatlı ailələrə öz fondlarından bəzən təzminatlar da ödəyir. Qarabağda kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar Ermənistanın banklarının pul vahidləri və qiymətli kağızları hesabına ödənilir.

Qarabağın qondarma kənd təsərrüfatı naziri Aram Mxoyanın verdiyi məlumata əsasən, 1990-cı illərdə Qarabağın iqtisadiyyatının inkişaf etdirilməsinə böyük investisiya qoyanlardan biri Vartan Sirmakes olub. İstanbulda dünyaya göz açan V.Sirmakes 17 yaşında İsveçə köçərək orada yaşayıb. 1990-cı illərdə o saat dizayneri Frank Müllerlə Qarabağa gələrək orada “Frank Muller” saat istehsalı müəssisəsi yaradırlar. Qarabağda istehsal olunan məhsullar əsasən Avropa ölkələrində satılırdı. Beləliklə onların illik gəlirləri 330 milyon dollar təşkil edirdi. Əldə etdiyi gəlirlərdən ruhlanan V.Sirmakes Ağdərə rayonunun Madagiz kəndi yaxınlığındakı su hövzəsini icarəyə götürərək qara kürü istehsal etmək üçün nərə balığı yetişdirməyə başladı. O, burada 50 nəfərlik iş yer yaratdı. Hesablamalara görə Madagiz balıq istehsalı müəssisəsi 2021-ci ildə gəlir gətirəcək. Proqnozlara görə hər il bu balıqyetişdirmə müəssisəsi ildə 30 ton qara kürü istehsal edilməlidir ki, bu da hər il 30 milyon ABŞ dolları həcmində gəlir deməkdir.

Bu stansiyanın istehsal etdiyi enerji birbaşa Ermənistana ötürülür.

Separatçı siyasi – kriminal rejim Qarabağda mini su elektrik stansiyalarının tikintisinə xüsusi yer verirlər. Belə ki, son 14 ildə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan 14 müxtəlif həcmli “Triqe-1”, “Triqe-2”, “Triqe-3”, “Syunik-1”, “Syunik-2”, “Syunik-3”, “Madagiz-1”, “Madagiz-2” və s. mini su elektrik stansiyaları inşa edib. Bu stansiyalardan ən böyüyü Tərtər çayı üzərində yerləşən Sərsəng su elektrik stansiyasıdır. Sərsəng su elektrik stansiyası 2010-cu ildə fəaliyyətə başlayıb. Bu stansiyanın tikintisi üçün investisiya Ermənistanın “M-Enerqo” Zəngəzur mis-molibiden kombinatı tərəfindən həyata keçirilir. “M-Enerqo” kombinatının əsas pay sahibi İngiltərənin “Multicontinental” şirkətidir. Qarabağda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi Ermənistana ötürülür. Hazırda Qarabağda 300 milyon kilovat saat elektrik enerjisi istehsal olunur. Erməni mütəxəssislər iddia edirlər ki, 2018-ci ildə Qarabağda elektrik enerjisinin istehsalı 450 milyon, daha sonralar isə 700 milyon kilovat saata çatdırıla bilər. İstehlak edilən elektrik enerjisinin 80 faizi Əsgəran–Şuşa–Laçın–Gorus sovetlər dönəmində inşa edilmiş yüksəkgərginlikli elektrik xətti ilə Ermənistana ötürülür.

Ermənistan öz büdcə kəsirlərini doldurmaq üçün Qarabağın təbii sərvətlərini talayır. Bu sırada ermənilər üçün qızıl- mis istehsalı xüsusi önəm daşıyır. Qızıl mis istehsalı, eyni zamanda, investorların da daimi maraq dairəsində olur.

Ermənistan “Sərhədsiz həkimlər” təşkilatının rəhbəri Artur Sarkisyan 1997-ci ildə Qarabağda “Blarq” adlı mis-qızıl emalı kombinatı yaratdı. Kombinatı Ermənistanın İnvestisiya fondu maliyyələşdirirdi. İlk illərdə kombinatın illik gəliri 200 milyon ABŞ dolları təşkil etsə də, bu gəlir 2000-ci ildən zəifləməyə başladı. Hazırda kombinatın illik gəliri 1,4 milyon ABŞ dolları təşkil edir.

Qarabağ vətəndaşı Valeri Mejlumyan Kaşen kəndində “Base Metals” adlı filizsaflaşdırma kombinatı təsis etdi. Kombinat hal-hazırda Ermənistanda fəaliyyət göstərən “Valleks Group” şirkəti tərəfindən maliyyələşdirilir. V.Mejlumyan, eyni zamanda, Drambon kənd ərazisində 2000-ci ildə qızıl-mis emalı kombinatı yaratdı. “Base Metals” kombinatının 2010-cu ildən illik gəliri 8 milyon ABŞ dollar təşkil edir.

Qarabağda Seva Xaçaturyan tərəfindən yaradılan “Karabakh Caret” firması qədim əşyaların və toxuculuq məmulatlarının satışı ilə məşğul olur. Məlumdur ki, 1992-ci ildən etibarən Azərbaycanın işğala məruz qalan 23 muzey və 4 şəkil qalereyasında qalan 100 mindən çox eksponatı ermənilər qənimət kimi ələ keçiriblər. Verilən məlumatdan belə çıxır ki, Ermənistan yaratdığı bu qondarma firma vasitəsilə Azərbaycanın milli mədəni dəyərlərini erməni məhsulları kimi xarici ölkələrdə satırlar. Mənbənin verdiyi məlumata görə “Karabakh Caret” firması iki ildə 600 milyon ABŞ dolları satışdan zəhmətsiz mənfəət əldə edibdir.

Xaçaturyan 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə satışından 270 milyon ABŞ dolları gəlir əldə edib. Qarabağ xalçalarının alıcıları əsasən Rusiya, Amerika və Avropa ölkələridir. Azərbaycanın milli mədəni dəyərlərinin xarici ölkələrin qara bazarlarındakı təşkilatçıları, xarici ölkələrdəki erməni diasporları və “Daşnaksütyun” terror təşkilatının rəhbərləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.