REGİONLAR
“Qaraca-fındıq” MMC-nin direktoru: Respublika müşavirəsi ölkənin iqtisadi həyatında mühüm hadisəyə çevrilib
Zaqatala, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi ölkəmizin iqtisadi həyatında mühüm hadisəyə çevrilib. Mənim üçün çox sevindiricidir ki, bu mötəbər tədbirin iştirakçıları arasında idim. Müşavirədə əsrlər boyu Zaqatala, Balakən, Qax, Şəki və bölgənin digər rayonlarının iqtisadiyyatında mühüm rol oynayan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində atılacaq növbəti addımların, tədbirlərin təməli qoyulub.
Bu fikirləri Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü, “Qaraca-fındıq” MMC-nin təsisçi-direktoru Ramazan Qaracayev Zaqatalada AZƏRTAC-a müsahibəsində deyib.
Assosiasiyanın yaradılmasının fermerlərin və fındıq ixracatçılarının fəaliyyətini xeyli dərəcədə asanlaşdırdığını vurğulayan R.Qaracayev bildirib ki, fermerlərin qarşılaşdıqları çətinliklərlə bağlı müxtəlif təşkilatlara ünvanladıqları müraciətlər artıq tez bir zamanda həll olunur, onlara lazımi kömək göstərilir. Dövlətimizin başçısının tez-tez bölgələrə səfər etməsi, həyata keçirilən layihələrin icra vəziyyəti ilə şəxsən maraqlanması, tövsiyələr verməsi ölkədə işsizliyin və yoxsulluğun aradan qaldırılmasına öz töhfəsini verir. “Əminəm ki, Prezident İlham Əliyevin Balakən, Zaqatala və Qax rayonlarına budəfəki səfəri, avqustun 4-də Qaxda keçirilən respublika müşavirəsinin nəticələri bölgə əhalisinin sosial rifahının yaxşılaşmasında mühüm rol oynayacaq”, - deyə Ramazan Qaracayev bildirib.