CƏMİYYƏT


Qaradağ rayonu ilə Çinin Şenzen şəhəri arasında niyyət protokolu imzalanıb

Bakı, 30 iyun, AZƏRTAC

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının sədri Çen Zhiyonqun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə iyunun 27-dən 30-dək davam edən səfər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətində işgüzar görüşdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, çinli qonaqlar rayonun Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Qonaqlar Lökbatanda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks edən fotostendlə tanış olublar. Nümayəndə heyətinə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və xalqımız qarşısındakı misilsiz xidmətləri haqda məlumat verilib.

Həmin gün Çin nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüşüb.

Görüşdə S.Mikayılov son 25 il ərzində Çin və Azərbaycan arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti, yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqe haqqında məlumat verilib.

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının sədri Çen Zhiyonq ölkələrimiz arasında mövcud əlaqələrdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb.

Sonra ölkəmizin iqtisadiyyatını, turizmini və Qaradağ rayonunun sənaye potensialını, sosial-iqtisadi inkişafını, eyni zamanda, Şenzen şəhərinin iqtisadiyyatını və turizmini əks etdirən videoçarx nümayiş etdirilib.

Çinli iş adamları ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilib və əlaqələrin qarşılıqlı şəkildə davam etdirilməsi qərara alınıb.

Səfər çərçivəsində Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Gəmiqayırma zavodunun fəaliyyəti ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.