SİYASƏT
Qaradağ rayonu ilə Çunçinq şəhəri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı şəhərinin Qaradağ rayonu ilə Çinin Çuzulunpo rayonunun Çunçinq şəhəri arasında iqtisadi, mədəni əlaqələrin yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ildə ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində qarşıya qoyduğu mühüm vəzifə və tapşırıqların icrası rəhbərlik tərəfindən sistemli olaraq davam etdirilir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 17-dən 20-dək Çunçinq şəhərində işgüzar səfərdə olub və çinli iş adamları ilə işgüzar görüşlər keçirib.
Görüşdə Çuncinq şəhəri ilə Qaradağ rayonu arasında qarşılıqlı sosial-iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Qaradağ rayonunun iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub. Həmçinin Qaradağ rayonu ilə Çunçinq şəhəri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdə Bakının Qaradağ rayonunun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını əks etdirən təqdimat keçirilib. Çin ilə Azərbaycan arasında tarixi əlaqələr, bu əlaqələrin mövcud inkişaf vəziyyəti, iki ölkə arasında sərmayə qoyuluşları, xarici ticarət dövriyyəsinin həcmi və investisiyaların təşviqi haqqında danışılıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti, iş adamlarına tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında məlumat verilib.
Azərbaycanın Şərqdən Qərbə olan tarixi “İpək yolu”nun üzərində yerləşməsi, bu əlverişli coğrafi şəraitin ölkəmizdə nəqliyyat infrastrukturunun yaradılmasına əlavə imkanlar açdığı qeyd edilib.
Görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, çinli iş adamları Qaradağ rayonunun zəngin sənayesinə investisiya yatırmağa dəvət edilib və bu əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara alınıb.