İDMAN
Qaradağ rayonu ilk Avropa Oyunlarının məşəlini qarşılamağa ciddi hazırlaşır
Bakı, 23 may, AZƏRTAC
Birinci Avropa Oyunlarının məşəl estafeti respublikamızın rayonlarında uğurla davam edir. Dövlətimizin başçısının iştirakı ilə aprelin 26-da alovlandırılan məşəl ölkəmizin regionlarını gəzdikdən sonra Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gətiriləcək.
Məşəlin dünyanın ən qədim yaşayış məskənlərindən birinə gətirilməsi ilə əlaqədar Qaradağ rayonunda hazırlıq işləri yüksək səviyyədə aparılır. Bu məqsədlə rayon icra hakimiyyətinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq, rayonun hər yerində o cümlədən, Qobustan qəsəbəsi ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Qəsəbə ərazisində səkilər yenilənir, işıqlandırma işləri görülür, küçə boyu zövq oxşayan işıqlar quraşdırılır. Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gedən yolu əhatə edən və ümumi uzunluğu 10 kilometrə yaxın olan yola asfalt örtüyü salınacaq. Qəsəbə sakinlərinin və ölkəmizə gələcək qonaqların asudə vaxtının səmərəli təşkili, onların istirahətini daha da mənalı etmək üçün yeni parklar salınır, müasir istirahət guşələri yaradılır.
Birinci Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağını nəzərə alaraq rayonun girişində Oyunlarla bağlı xüsusi landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılıb. Maraqlı məqamlardan biri də Bakı dairəvi avtomobil yolunda birinci Avropa Oyunlarının loqosu, Oyunlar zamanı keçiriləcək idman yarışlarının əks etdirən xüsusi lövhə və digər elementlərin olmasıdır. Yol boyu milli ornamentlərlə bəzədilmiş istinad divarları tikilib. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər Qaradağın bütün yaşayış məntəqələrini əhatə edir. Rayonun müxtəlif ünvanlarında yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması işləri aparılır.
Qaradağ rayonunda həyata keçirilən layihələr, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri bir daha sübut edir ki, rayon birinci Avropa Oyunlarının məşəlini böyük sevinc və qürur hissi ilə qarşılayacaq. Məşəlin ən qədim insan məskənlərindən biri olan Qobustana gətirilməsi isə Azərbaycanın keçmişinə hörmət və gələcəyinə inamdan irəli gəlir.