CƏMİYYƏT
Qaradağ rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunda dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, multikulturalizmin ölkəmizdə dövlət siyasəti ilə yanaşı, həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini radikalizmə qarşı mübarizə metodlarından, bu məsələdə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, qazı Rahib Babayev ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edib. Bu işin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı ümumi məlumat verib. Rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəli fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti sayəsində ölkəmizdə tolerant mühitin qorunub saxlanıldığını vurğulayıb.
Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini və dini radikalizmə qarşı mübarizə yolları ilə bağlı təkliflərini diqqətə çatdırıblar.
Sonda dini icma sədrləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu və ümumilikdə respublikamızda dini radikalizmə qarşı mübarizədə görülən mütərəqqi addımlarla bağlı Prezident İlham Əliyevə təşəkkür məktubunun ünvanlanması təklif edilib və təklif yekdilliklə qəbul olunub.